Azərbaycan riyaziyyat elminin Səudiyyə Ərəbistanındakı tanınmış nümayəndəsi
- setm63
- 13 авг.
- 1 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Mübariz Tapdıq oğlu Qarayev

Mübariz Tapdıq oğlu Qarayev 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) riyaziyyat üzrə bakalavr təhsili alıb. Sankt-Peterburqda yerləşən Steklov Riyaziyyat İnstitutunda prof. N.K.Nikolski və prof. V.I.Vasyunin elmi rəhbərliyi ilə aspirantura təhsili alıb.
1992-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Spektral çoxluqların və invariant alt fəzaların toplanması” mövzusunda fəlsəfə doktorluğu, 2013-cü ildə isə “Operatorlar nəzəriyyəsi və Banax cəbrlərinin bəzi sualları” mövzusunda fizika-riyaziyyat elmləri doktoru doktorluq dissertasiyasını müdafiə edib.
Elmi fəaliyyətinə 1988-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda başlayan alim 2001-ci ilə kimi burada çalışıb. 2001-2005-ci illərdə Türkiyənin Süleyman Dəmirəl Universitetində qonaq professor, 2012-ci ilə kimi isə tam ştatlı professor olaraq fəaliyyət göstərib.
Fizika-riyaziyyat elmləri doktoru, professor Mübariz Qarayev 2012-ci ildən indiyə kimi Səudiyyə Ərəbistanında yerləşən Kral Səud Universitetinin Elm Kollecinin Riyaziyyat Departamentində professor olaraq çalışır, ölkəmizi ləyaqətlə təmsil edir.
Alim “Advances in Linear Algebra and Matrix Theory” (baş redaktor), “Journal of Mathematical Sciences: Advances and Applications”, “International Journal of Mathematical Archive”, “Journal of Mathematical Analysis”, “Proceedings of IMM”, “Transiction of NAN of Azerbaijan, Ser. Mathematics” kimi jurnalların redaksiya heyətlərinin üzvüdür.
Professor Mübariz Qarayev “Proc.Amer.Math.Soc”, “Positivity”, “J.Math.Anal.Appl”, “Opuscula Mathematica”, “Arap J.Math.Sci”, “Banach J.Math.Anal”, “Abstract Appl.Anal”, “Turkish J.Math”, “Numerical Funct.Anal.Optimization” kimi jurnallarda isə hakimlik statusuna malikdir.
Alim 100-ə yaxın elmi əsərin müəllifidir.
Bu gün professor Mübariz Qarayev Səudiyyə Ərəbistanında, ölkəmizdən kənarda Azərbaycanı şərəflə təmsil edir, yeni kadrlar yetişdirir, riyaziyyat elminə töhfələr verir. Onun tədqiqatları dünya elmində qəbul edilir, dəyərləndirilir.
