top of page

Azərbaycan riyaziyyat elminin banilərindən biri, BDU-nun Fizika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı

  • setm63
  • 19 июл.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Mikayıl Ellaz oğlu Xıdırzadə

ree

Azərbaycanda elmin və təhsilin inkişafında, xüsusilə mexanika-riyaziyyat elminin təşəkkülündə əməyi olan görkəmli simalardan biri də Mikayıl Ellaz oğlu Xıdırzadədir.


Görkəmli elm və təhsil xadimi Xıdırzadə Mikayıl Ellaz oğlu 1911-ci ildə Gədəbəy rayonunun Qarabulaq (indiki Miskinli) kəndində anadan olmuşdur. O, məktəb yaşına çatanda kənddə Molla Məhəmməd adlı nüfuzlu el ağsaqqalının açdığı məktəbdə ilk təhsilini almışdır. Atası, məşhur alman sahibkarları olan Siemens qardaşlarının Gədəbəy rayonundakı mis mədən – zavod kompleksində fəhlə işləmiş və yaşadığı bölgədəki təhsil mühitini dərindən izləmişdir. Bu səbəbdəndir ki, o,l təhsildən yayınmamış, sovet hökumətinin açdığı yeni tipli məktəbdə öz istedadı ilə seçilən şagirdlərdən olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.


1932-ci ildə Azərbaycan hökumətinin Təhsil haqqında qərarına əsasən, təhsilini davam etdirmək üçün Azərbaycandakı ali məktəblərdən Moskva Dövlət Universitetinə müsabiqə yolu ilə göndəriləcək tələbələr seçilmiş və onların arasında Azərbaycan Politexnik İnstitutu Mexanika fakültəsinin 2-ci kursunu əla qiymətlərlə yenicə bitirən Mikayıl Xıdırzadə də olmuşdur. O, 16 tələbə arasında seçim imtahanlarından müvəffəqiyyətlə çıxan və Moskva Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsinə qəbul edilmiş iki tələbədən biri olmuşdur.


Mikayıl Xıdırzadə dərin yaddaşı, kamil məntiqi, mükəmməl riyazi təfəkkürü ilə Moskva mühitində fərqlənə bilmişdi. Təhsil aldığı illərdə o, dəfələrlə ali məktəblər arasında keçirilən müsabiqələrdə - konfranslarda yüksək yerlər tutmuşdu. Moskva Dövlət Universitetində təhsil alan azsaylı həmyerliləri onun tələbə və müəllimlər tərəfindən tez-tez tərifləndiyini görmüşdülər, eşitmişdilər. Bu təriflərdə onun zəkası, dünyagörüşü, təmkini və sadəliyi əsas yeri tuturdu.


Mikayıl Xıdırzadə 1937-ci ildə Moskva Dövlət Universitetini müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıtmış və 1 sentyabrda Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsində müəllimlik fəaliyyətinə başlamışdır. Gəldiyindən az sonra baş müəllim, dosent, dekan müavini və dekan vəzifələrində işləmişdir.


Mikayıl Xıdırzadə Azərbaycan Dövlət Universitetində cəmi 26 yaşındaykən Fizika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı olmuşdur. O, 1938-41-ci illərdə, İkinci Dünya Müharibəsinə gedənədək həmin vəzifədə işləmişdir. Mikayıl Xıdırzadə müharibəyə üzrlü səbəblərdən - “Bron”u olduğu üçün getməyə bilərdi, lakin o, İkinci Dünya Müharibəsinə könüllü getmiş və 1944-cü ildə qəhrəmanlıqla həlak olmuşdur. Bu barədə həm Mikayıl Xıdırzadənin xanımı Maya Xıdırzadəyə Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən verilən 6 iyul 1944-cü il arayışda, həmçinin M.Xıdırzadənin qohumu professor Tokay Məhərrəm oğlu Hüseynovun Rusiya Federasiyasının Müdafiə Nazirliyinə ünvanladığı məktuba Belarus Respublikasının Silahlı Qüvvələrinin Vətən uğrunda həlak olanların xatirəsini əbədiləşdirmə İdarəsinin 7 sentyabr 2012-ci il tarixli məktubunda ətraflı məlumat verilir. Məlumatda qeyd olunur ki, Mikayıl Xıdırzadə 9 sentyabr 1944–cü ildə Belarusiyanın Vitebsk vilayətinin Lioznen rayonu Zazıbı kəndinin müdafiəsi zamanı hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olmuş və Zazıbı kəndi yaxınlığında dəfn olunmuşdur. Sənəddə göstərilir ki, dəfn olunanların siyahısında 4420 №-li qəbir Mikayıl Xıdırzadəyə məxsusdur.


Xıdırzadə Mikayıl döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, “Qırmızı Ulduz” ordeni və müxtəlif medallarla təltif edilmişdir.


Mikayıl Xıdırzadənin Azərbaycan elmi mühitində, mexanika–riyaziyyat sahəsində istedadlı, gənc azərbaycanlı elmi kadrların yetişdirilməsi istiqamətində xidmətləri xüsusilə böyükdür. Alimin arxa durduğu, istiqamət verdiyi tələbələrdən görkəmli riyaziyyatçılar – AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun, professor Əmir Həbibzadənin, H.Ağayevin, M.Kərimovun, K.Kərimovun və başqalarının adlarını xüsusilə qeyd etmək olar.


Mikayıl Ellaz oğlu Xıdırzadə qısa sürən ömrünü Azərbaycanda mexaniki-riyaziyyat elminin yaradılmasına həsr edərək, bu elm sahəsində bir sıra mühüm nəticələr əldə etmişdir. Azərbaycanda riyazi təfəkkürün inkişafında onun xidmətləri danılmazdır.

 

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page