Azərbaycan caz-muğam üslubunun banisi
- setm63
- 17 мар.
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Vaqif Əziz oğlu Mustafazadə

Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Anası Zivər xanım Azərbaycanın ilk qadın pianoçularından biri, muğamların gözəl bilicisi olub. O, yerli məktəbdə musiqi müəlliməsi idi. Vaqif 3 yaşında ilk dəfə olaraq fortepianonun dillərinə toxunub və o vaxtdan bu alətdən ayrılmayıb. O, tanıdığı mahnıları istədiyi kimi, yeni variantda çalmağa başlayıb. Vaqifin fenomenal yaddaşı olub.
V.Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirdikdən sonra, Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da onu elə bu illərdə haqlayıb. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifaçısı idi. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və "Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən “Azərbaycan, Vaqif Mustafazadə” sözləri eşidilir. Bəstəkar-musiqiçi Monako caz festivalından vətənə "Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır. O, fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi kimi tanınır.
Sənətinə bağlılığı Vaqifi dünya musiqi festivallarının qalibinə çevirirdi. Səsi-sorağı dünyanı dolaşdıqca bu uğurun sədası təkcə öz ölkəmizdə eşidilməz olurdu. Uğurlarını həzm etməyənlər Vaqifi “həvəskar bəstəkar” adlandırırdılar. Amma o, 1000-dən artıq caz kompozisiyasına müəllif kimi imza atmış, çoxlu mahnıya yeni həyat vermişdi. Hətta lent yazılarının ara-sıra radioda səslənməsindən ötrü qonorardan da imtina etmişdi. Televiziyada vermək istədiyi solo konsert isə maneələr ucbatından baş tutmurdu. Həyat yoldaşı Elza xanım “Vaqif həddən artıq çox işləyir, özünə rəhm etmirdi. Yuxusuna haram qataraq yeni-yeni mahnıları lentə yazdırırdı. Ürəyi də şıltaqlıq edir, ona aman vermirdi”, - deyə bildirirdi.
Vaqif Mustafazadə 1971-ci ildə "Sevil” vokal-instrumental ansamblını yaradır. O, yeni qrup üçün təqdim etdiyi mahnıların harmoniyasını dəyişir, köhnə mahnılarını təzə üslubda səsləndirməyə başlayır. Ansamblın təkcə İttifaqda deyil, həm də o dövr üçün çox-çox uzaq ölkələrdə məşhurluq qazanması da elə Vaqifin gecə-gündüz çəkdiyi əziyyətin bəhrəsi idi. Min bir zəhmətlə ərsəyə gətirdiyi “Sevil” cəmi 6 il fəaliyyət göstərir. Bu illər ərzində ansamblın televiziya, radio və səhnələrdə yüzlərlə konserti keçirilir.
Dekabrın 31-də "Sevil” ansamblının ilk çıxışı baş tutur. Ansamblın ilk dəfə çıxışı rəngli televiziyanın yaranmasıyla eyni günə təsadüf edir. “Sevil” vokal kvartetinin üzvü Dilarə Cahangirova konsertləri nostalji ilə xatırlayır: "Repertuarımıza müasir Azərbaycan bəstəkarlarının mahnıları salınmışdı. Bu mahnılar Vaqifin aranjemanı ilə fərqli səslənirdi. Biz şəhərin ən gözəl meydanlarında, böyük konsert salonlarında çıxış edirdik. Qrup yaranandan cəmi bir neçə ay sonra biz Moskvada, SSRİ Bəstəkarlar İttifaqında çıxış etdik. 1973-cü ilin yayında isə Moskvada, “Rossiya” zalında beynəlxalq konsert keçirildi. Həmin konsertdə SSRİ-ni Azərbaycan, Azərbaycanı isə "Sevil” ansamblı təmsil edirdi. Bir il sonra bizi Varşavada çıxış etməyə dəvət etdilər. 1975-ci ildə “Sevil” qrupunun ilk valı yazıldı. İlk baxışdan hər şey əla gedirdi. Lakin qəfildən — 1977-ci ildə ansamblın fəaliyyəti dayandırıldı. Ola bilsin ki, Vaqif ömrünün sonuna az qaldığını hiss edirdi və başa düşürdü ki, təkcə ansamblı müşayiət etmək onun üçün çox azdır. O, instrumental musiqidə özünü ifadə etmək istəyirdi. 1977-ci ildə Vaqif "Muğam” caz üçlüyü yaratdı. Tbilisidəki festivalda o, “Ən yaxşı pianoçu” mükafatını qazandı. Həmin festivalda ilk dəfə olaraq Vaqifin qızı Əzizə də iştirak edirdi. 8 yaşında bir uşağın cazı belə hiss etməsinə heç kəs inana bilmirdi. Əzizə festivalda iştirakına görə mükafata layiq görüldü. Vaqif Əzizə ilə birlikdə iki hissəli konsert təşkil etməyi arzulayırdı, amma buna vaxtı çatmadı”.
1979-cu ildə Vaqif Mustafazadə Azərbaycanın Əməkdar artisti adına layiq görülür. Həmin il Monakoda keçirilən caz müsabiqəsində iştirak edərək həmin müsabiqənin qalibi seçilir.
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır.
Görkəmli cazmen 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmiş, Bakıda dəfn olunmuşdur.
1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1989-cu ildə Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev muzeyi yaradılıb.