Azərbaycanda stratiqraflar elmi məktəbinin banisi
- setm63
- 3 февр.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Əliyev Musa Mirzə oğlu

Əliyev Musa Mirzə oğlu 11 aprel 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun (Azərbaycan Texniki Universiteti) Dağ-mədən fakültəsini bitirmişdir (1931).
M.Əliyev 1936-cı ildə “Kiçik Qafqazın şimal hissəsinin təbaşir çöküntülərinin inoseramları” mövzusunda namizədlik, 1957-ci ildə “Azərbaycanın təbaşir çöküntüləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1957-ci ildə professor elmi adını almış, 1950-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
O, aspiranturada oxuduğu zaman (1935-1937) Zaqafqaziya Geoloji Tresti filialının rəisi, 1938-ci ildə təsis olunmuş Azərbaycan Geoloji İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq dosent, Neft fakültəsinin dekanı və institutun rektoru vəzifələrində işləmiş, 1941-1942-ci illərdə keçmiş SSRİ-nin Neft Nazirliyinin nəzdində Baş Tədris İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, eyni zamanda Moskva Neft İnstitutunda pedaqoji fəaliyyət göstərmişdir. 1943-1949-cu illərdə Azərbaycanda partiya və hökumət orqanlarında fəaliyyət göstərmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin II, III və IV çağırışlarının deputatı olmuşdur. Onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük bir yataq (“Neft Daşları”) açılmışdır.
O, 1950-ci ildə AMEA-nın prezidenti (1950-1958) seçilmişdir. AMEA-nın inkişafının istiqamətləndirilməsində, yeni elmi-tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektivli sahələrinin Azərbaycanda təşkil edilməsində, çoxsaylı xəritələrin və monoqrafiyaların çapdan çıxmasında mühüm xidmətləri olmuşdur.
M.Əliyev Azərbaycanda Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisi idi. O, 1958-ci ildə SSRİ Elmlər Akademiyasının prezidenti A.Nesmeyanovun təklifi ilə Moskvaya yeni təşkil olunmuş Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsinə dəvət olunaraq ömrünün sonuna kimi (1985) bu institutda çalışmışdır. 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik etmişdir. Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz yataqlarının açılması M.Əliyevin adı ilə bağlı olmuşdur.
M.Əliyev geologiya, paleontologiya və stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-yə yaxın elmi əsərin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 60-dan artıq elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır.
O, “Lenin”, iki dəfə “Qırmızı əmək bayrağı” və “Şərəf nişanı” ordenlərinə layiq görülmüş, “SSRİ neftqazçıxarma sənayesinin əlaçısı” döş nişanı və “Fəxri neftçi” adını almışdır. Alimin adı SSRİ Neft Sənayesinin “Fəxri kitabı”na daxil edilmişdir. Alimin 100 illik yubileyi Parisdə UNESCO-nun binasında (2009) keçirilmişdir.
Akademik Musa Əliyev 1985-ci ildə Moskva şəhərində vəfat etmişdir.