Azərbaycanda qənd istehsalının yaradılması ideyasını ilk dəfə irəli sürmüş alim
- setm63
- 18 июн.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Nadirov Asəf Abbasqulu oğlu

Nadirov Asəf Abbasqulu oğlu 13 mart 1929-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji coğrafiya fakültəsini bitirmişdir. A.Nadirov 1956-cı ildə SSRİ EA-nın Coğrafiya İnstitutunda “Naxçıvan MSSR: İqtisadi-coğrafi səciyyəsi” mövzusunda namizədlik, 1968-ci ildə “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1989-cu ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.
A.Nadirov 1958-1992-ci illərdə Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1964-1981-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini, Azərbaycan SSR EA-nın akademik-katibi və müşaviri, 1981-1998-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutunun nəzdindəki İxtisaslaşmış müdafiə şurasının sədr müavini (1980-1989) və (1990-1998) sədri olmuşdur.
A.Nadirovun yaradıcılığının ana xəttini sənayenin inkişafı, onun quruluşunun təkmilləşdirilməsi və səmərəli yerləşdirilməsi problemləri təşkil edir. O, ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün respublikada geniş təbii imkanların, əhalinin böyük istehsal təcrübəsinin və tarixi ənənələrinin mövcud olduğunu əsaslandırmışdır. Azərbaycanda qənd istehsalının yaradılması ideyasını da ilk dəfə o irəli sürmüş və bunun heyvandarlığın yem bazasının möhkəmlənməsi sahəsində də mühüm rol oynaya biləcəyini qeyd etmişdir.
O, 800-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, kitab və kitabçaların müəllifidir.
A.Nadirov “Sosialist istehsalının yerləşdirilməsi” (1965), “Azərbaycan şəhərlərinin iqtisadi inkişaf məsələləri” (1966), “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” (1976), “Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri” (2001), “Azərbaycan iqtisadiyyatı” (2003) və b. kitabların müəllifidir.
A.Nadirov 1966-1981-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri “İqtisadiyyat” seriyasının baş redaktor müavini, 1981-ci ildən sonra isə həmin jurnalın baş redaktoru olmuşdur.
A.Nadirov uzun illər həm keçmiş İttifaq respublikalarında, həm də bir çox xarici ölkələrdə (Fransa, Hindistan, Türkiyə, İran, Almaniya, Yunanıstan, Macarıstan, Belçika və s.) keçirilən beynəlxalq simpozium və elmi konfranslarda Azərbaycan iqtisad elmini layiqincə təmsil etmişdir.
A.Nadirovun yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun bilavasitə rəhbərliyilə 50-dən çox fəlsəfə doktoru və 6 elmlər doktoru müdafiə etmişdir.
A.Nadirovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf” və “Şöhrət” ordenlərinə, bir çox medal, fəxri fərmanlara layiq görülmüşdür.
Akademik Asəf Nadirov 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.
