Azərbaycanda mikologiya elminin yaradıcılarından olmuş görkəmli alim
- setm63
- 14 янв.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir. Bu alimlər sırasında müxtəlif millətlərin nümayəndələri də var ki, həmin alimlər ölkəmizdə elmin inkişafına öz sanballı töhfələrini vermişlər.
Ulyanişev Valeriy İvanoviç

Ulyanişev Valeriy İvanoviç 27 dekabr 1898-ci ildə Voronej şəhərində anadan olmuşdur. 1924-cü ildə Voronej Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, 1925-ci ildə məşhur rus mikoloqu, Rusiyada göbələklərin ilk təyinedicisinin tərtibçisi və Rusiya EA-nın müxbir üzvü A.A.Yaçevskinin Mikoloji laboratoriyasında laborant vəzifəsində işə başlamışdır.
1927-ci ildə mədəni bitkilərin xəstəlik törədicilərini öyrənmək üçün Azərbaycan SSR Torpaq Xalq Komissarlığının xahişi ilə Azərbaycana dəvət edilmiş, həmin ildən Zaqafqaziya Xalq Komissarlığının Bitkilərin mühafizəsi şöbəsində Fitopatologiya laboratoriyasını yaratmış və ona rəhbərlik etmişdir. 1937-ci ildə işləmək üçün Botanika İnstitutuna dəvət olunan V.Ulyanişev İbtidai bitkilərin sistematikası şöbəsini yaratmış və uzun müddət, 1992-ci ilədək şöbəyə rəhbərlik etmiş, Azərbaycanda mikologiya elminin yaranması, inkişafı, mikoloji herbarinin yaradılması və kadr potensialının artırılması istiqamətində əhəmiyyətli işlər görmüşdür. Onun yaratdığı şöbə respublikada göbələklər, yosunlar və şibyələr üzrə nəzəri-tətbiqi tədqiqatları istiqamətləndirmişdir.
V.Ulyanişev 1940-cı ildə namizədlik, 1951-ci ildə “Azərbaycan mikroflorası. Azərbaycanın sürmə göbələkləri” mövzusunda biologiya elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor elmi adını (1952) almışdır. O, AMEA-nın müxbir üzvü (1968) və həqiqi üzvü (1972) seçilmişdir.
V.Ulyanişevin elmi tədqiqatları mikologiyaya və fitopatologiyaya həsr edilmişdir. O, Azərbaycanda kənd təsərrüfatı üçün mühüm sayılan bir sıra problemlərin tədqiqi, o cümlədən pambıqda vilt, hommoz xəstəliklərinə, taxıllarda və meyvədə parazitlik edən göbələklərə qarşı mübarizə üsullarının işlənib hazırlanması ilə məşğul olmuşdur. Alim taxıl bitkilərində sürmə göbələkləri ilə xüsusi işlər aparmış, bərk və yumşaq buğdanı, çovdarı yoluxduran bir parazit göbələk növünün üç bioloji formasını ayırd etmiş və həmin göbələklə mübarizə tədbirlərini hazırlamışdır. Onun tərəfindən Qafqaz və Azərbaycan üçün elmə məlum olmayan 100-dən artıq yeni göbələk növü aşkar edilmişdir.
V.Ulyanişev bir çox məqalənin, sürmə, pas və peronospora göbələklərinə həsr edilmiş 3 cild, 4 kitabdan ibarət “Azərbaycan mikoflorası” kitabının müəllifidir. 1968-1978-ci illərdə onun “SSRİ sürmə göbələklərinin təyinedicisi”, “SSRİ pas göbələklərinin təyinedicisi” (akademik V.F. Kupreviçlə birlikdə) kitabları nəşr edilmişdir.
V.Ulyanişev 1963-1972-ci illərdə “Bitki mühafizəsi” üzrə elmi-tədqiqat işlərinin əlaqələndirilməsi üzrə Zaqafqaziya şurasının yaradıcısı və sədri, 1964-cü ildən analoji Ümumittifaq şurasının üzvü olmuşdur. O, 1964-1974-cü illərdə Ümumittifaq Botanika cəmiyyətinin Azərbaycan bölməsinin sədr müavini olmuşdur. Alim “Zaqafqaziya göbələklərinin təyinedicisi” elmi əsərinin baş redaktoru olmuşdur.
Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 12 fəlsəfə doktoru və 3 elmlər doktoru hazırlanmışdır.
V.Ulyanişev “Lenin” mükafatına (1964), Azərbaycan SSR-in “Əməkdar elm xadimi” fəxri adına (1974) layiq görülmüş, “Qırmızı əmək bayrağı” ordeni və bir sıra medallarla təltif edilmişdir.
Akademik Valeriy Ulyanişev 1994-cü ildə vəfat etmişdir.