Amerikada ölkəmizi qürurla təmsil edən cərrah alim
- setm63
- 22 февр.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Rauf Oktay oğlu Şahbazov

Rauf Oktay oğlu Şahbazov 1970-ci ildə Qubadlı rayonunun Tarovlu kəndində dünyaya gəlib. Atası Oqtay Şahbazov uzun illər Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib. R.Şahbazov 8-ci sinfi bitirdikdən sonra, Bakıdakı 5 nömrəli Kimya-Biologiya təmaüllü məktəbi 1987-ci ildə qızıl medalla başa vurub.
Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olaraq 1993-cü ildə həkim cərrah ixtisasına yiyələnib. 1994-1996-cı illərdə 5 saylı xəstəxanada Qara ciyər və öd yolları cərrahiyə şöbəsində ümumi cərrah işləyib. 1996-cı ildə orduya çağrılıb. 1999-cu ilədək N saylı hərbi hissənin səhra hospitalında hərbi cərrah kimi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra 5 saylı xəstəxanaya qayıdıb, 2000-ci ilədək orada işləyib. 2000-2005-ci illərdə Səudiyyə Ərəbistanında Böyük Britaniyanın Edinburq Kral Cərrahiyə Universitetinin Kral Feysəl klinikasında cərrah kimi çalışıb. Burada işləyə-işləyə Şotlandiyaya gedərək, tələb olunan imtahanları verib, MRCS cərrahi ixtisas dərəcəsinə yiyələnib. Bu dərəcə ona dünyanın hər yerində cərrah kimi işləmək hüququ verib.
2005-2007-ci illərdə Xəzər Universitetinin Tibb fakültəsində müəllim, dekan müavini vəzifəsində işləyib. Eyni zamanda, Nəsrəddin Tusi adına Klinikada cərrahiyə şöbəsinin müdiri olub.
Daha sonra orqan nəqli üzrə ixtisas təlimlərinə başlayb. Bu məqsədlə 2007- 2009-cu illərdə dünya şöhrətli cərrah Mehmet Haberalın rəhbərliyi altında Ankara Başkənd Universitetinin tibb mərkəzində təlimlərdə iştirak edib. 2009-cu ildə vətənə dönərək, Mərkəzi Neftçilər Xəstəxanasında Transplantasiya şöbəsinin yaradıcılarından olub. 2011-ci ilədək orada aparıcı cərrah kimi çalışıb. Burada çalışarkən Portuqaliyanın Porto şəhərində “Fellow European Board of Surgery” ixtisas dərəcəsinə yiyələnib. Sonra bir il Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində çalışıb.
2011-ci ildə Amerika Cərrahlar Kollecinin qrant layihəsində qalib gələrək Birləşmiş Ştatlarda Los-Anceles, Klivlend və Beylor klinikalarında qısamüddətli təcrübə keçib. Rauf Şahbazov 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-a dəvət alıb. 2012-ci ildən tibb üzrə fəlsəfə doktorudur.
2013-2014-cü illərdə USMLE Step imtahanlarını uğurla verərək, ABŞ-da həkim işləmək hüququnu qazanıb. 2015-ci ilədək Texas ştatının Dallas şəhərindəki Baylor Universitetinin tibb mərkəzində mədəalti vəzin adacıq hüceyrələrinin transplantasiyası sahəsində elmi tədqiqatlarını davam etdirib, bu sahədə mütəxəssis kimi püxtələşib.
2015-2018-ci illərdə Virciniya Universitetinin tibb mərkəzində böyrək və qara ciyər transplantasiyası ilə məşğul olub. 2018-ci ildən Nyu-York ştatının Sirakuz şəhərindəki Upstate Medical University’da həm müəllim və həm də transplantasiya üzrə cərrah işləyib. Mədəaltı vəz və adacıq hüceyrələri transplantasiyası proqramının rəhbəri olub. 2023-cü ildə Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub. Həmyerlimiz, eyni zamanda cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edir.
2017-ci ildə Azərbaycan Amerika Tibb Assosasiyasını yaradaraq, ictimai fəaliyyətə başlayıb. O, bu təşkilata azərbaycanlı həkimlərlə yanaşı, Azərbaycana rəğbəti olan amerikalı həkimləri də cəlb edib.
Amerika Cərrahlar Kolleci, Amerika Cərrah-Transplantoloqlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür.
Elmi jurnallarda onlarla məqalənin müəllifi və həmmüəllifidir. “Transplant Cərrahiyyə” kitabında canlı donorun qaraciyər transplantasiyasına dair fəslin müəllifidir. Doğma dilimizdən başqa, ingilis, rus, türk dillərində sərbəst danışır və ərəb dilini bilir.
R.Şahbazov Dünya Azərbaycanlıların Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.
Rauf Şahbazovun hədəfi transplantasiya və hərtərəfli qayğıya əlçatanlıq imkanları baxımından proqramın güclü tərəflərini, həmçinin təhsil və tədqiqat missiyalarını genişləndirməkdir.