Adı UNESCO-nun “Dünya alimlərinin elmi irsi” siyahısına daxil edilmiş geoloq
- setm63
- 21 июн.
- 2 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Babazadə Baba Qurbanqulu oğlu

Babazadə Baba Qurbanqulu oğlu 25 aprel 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1923-1929-cu illərdə Sənaye texnikumunu, 1934-cü ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.
B.Babazadə 1949-cu ildə “Abşeron yarımadasında neft yataqları axtarışının yeni üsulları” mövzusunda namizədlik, 1962-ci ildə “Azərbaycanın neft və qaz yataqlarının təsnifatı və onların səmərəli kəşfiyyat üsulları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1959-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.
B.Babazadə əmək fəaliyyətinə “Əzizbəyovneft” Neft-Mədən İdarəsində “Qala” neft yatağının tədqiqilə başlamışdır. 1936-cı ildə onun rəhbərliyi ilə qazılmış quyunun dərin qatlarından “Qala lay dəstəsi” açılmışdır. Bu kəşf əsasında neft verən quyuların həm quru və həm də dəniz yataqlarının böyük məhsuldarlığa malik ehtiyatlarla zəngin olduğu aşkar edilmişdir. 1942-ci ildə “Əzizbəyovneft”in baş geoloqu işlədiyi zaman Buzovna-Maştağa yatağının açılmasına görə “Qırmızı əmək bayrağı” ordeni ilə təltif olunmuşdur. 1945-1952-ci illərdə o, “Azneft” Birliyinin baş geoloqunun müavini, baş geoloq, Birliyin rəisi, 1954-cü ildə Neft Sənaye Nazirliyinin baş geoloqu, 1960-cı ildən ömrünün sonuna qədər “Azneft” Birliyinin baş geoloqu vəzifəsində işləmişdir. 1952-ci ildə onun “Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturların axtarışı” monoqrafiyası Leninqrad şəhərində çap olunmuşdur.
Buzovna-Maştağa, Zirə və Neft Daşlarının şimal-şərq qanadı, Palçıq pilpiləsi, Qaradağ, Kürovdağ, Mişovdağ, Qum adası və başqa zəngin neft və qaz yataqlarının açılması da B.Babazadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə neftli və qazlı layların struktur qanunauyğunluqlarının öyrənilməsi, onların genezisi və yataqların təsnifatı ilə bağlı olan tədqiqatlar aparılmışdır. O, elmi işlə yanaşı Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
B.Babazadənin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri Azərbaycanın və bütün SSRİ-nin geoloq-neftçiləri üçün böyük əhəmiyyət kəsb etmişdir. Məşhur geoloq, böyük alim, istehsalat təşkilatçısı, müəllim kimi o, monoqrafiyalar, kitablar, ayrı-ayrı məqalələr şəklində böyük elmi irs və Azərbaycan neft sənayesinin inkişafı tarixində dərin iz qoymuşdur.
Onun rəhbərliyi ilə 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır.
B.Babazadənin neftqazçıxarma elminin inkişafı sahəsində xidmətləri hökumət tərəfindən yüksək qiymətləndirilmiş, SSRİ Dövlət Mükafatı laureatı adına, “Sosialist Əməyi Qəhrəmanı” (1944) fəxri adına, birinci dərəcəli “Stalin” mükafatı (1947), “Lenin” mükafatı və üç dəfə “Qırmızı əmək bayrağı” ordeninə, həmçinin 1941-1945 illər Böyük Vətən müharibəsində “Qafqazın müdafiəsinə görə”, “Rəşadətli əməyə görə” medallarına və fəxri fərmanlara layiq görülmüşdür.
B.Babazadənin adı UNESCO-nun “Dünya alimlərinin elmi irsi” siyahısına daxil edilmişdir.
AMEA-nın müxbir üzvü Baba Babazadə 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir.