top of page

ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim 

  • setm63
  • 1 июл.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


  Fariz Xanoğlan Hüseynov

ree

Fariz Xanoğlan Hüseynov 1981-ci ildə Bakıda dünyaya gəlib. 1997-ci ildə 95 nömrəli orta məktəbi bitirib. 1997-1998-ci illərdə Türkiyənin Bursa şəhərində dil kurslarını keçdikdən sonra, iki il Mərmərə Universitetinin bank işi fakültəsində, 2000-2003-cü illərdə isə İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsində ali təhsil alaraq, bakalavr dərəcəsinə yiyələnib.


Daha sonra bir il İstanbul Universitetinin maliyyə fakültəsinin magistraturasında oxusa da, təhsilini ABŞ-ın İndiana ştatındakı Ball Dövlət Universitetində davam etdirib. 2005-ci ildə burada biznesin idarə olunması üzrə magistr dərəcəsinə yüksəlib (MBA).


2005-2009-cu illərdə Tennesi ştatında Memfis Universitetinin doktoranturasında elmi işlə məşğul olaraq, maliyyə ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə sahib olub (PhD). 2009-cu ildən Şimali Dakota Dövlət Universitetinin biznes fakültəsində çalışır. Ötən müddət ərzində o, baş müəllimdən professor vəzifəsinədək yüksələ bilib.

 

O, 2008-ci il böhranı başlayanda, iş tapmaq üçün konfranslara girir. Konfranslarda iş müsahibələri etsələr də, bu işlərin çoxunun bağlanacağı, universitetlər vakansiyanı geri çəkəcəyi bildirilir. Lakin sonradan iki universitetdən qəbul alır və indi çalışdığı Şimali Dakota Dövlət Universitetini seçir.

 

Fariz Hüseynov qeyd edir ki, tədris yönümlü universitetlərdə müəllimdən ancaq dərsi yaxşı keçmək tələb olunur. Amma elmi yöndə olan universitetlərdə dərsi yaxşı keçməklə yanaşı, müəllimlərdən araşdırmalar da istəyirlər:


“Mənim işimin 50 faizi araşdırmadır. Ümumiyyətlə, Amerikada universitetlərin inkişaf etdirilməsi ilə bağlı qərarların əsas hissəsi dialoqlar, müzakirələr əsasında verilir. Bu dialoqlarda, müzakirələrdə müəllimlər də aktiv iştirak edirlər. Administrativ qərarları dekan, yaxud rektor versə də, müəllimlərin bu prosesdə rolu böyükdür. Artıq müəllimin bilik üzərində monopoliyası yoxdur. “Universitetdə bunu keçməyiblər”, “Müəllim bunu mənə deməyib” kimi cümlələrlə özünü müdafiə etmək olmur. İndiki tələbələrin informasiyaya çıxışı daha çoxdur. Tələbə bunu bildiyi üçün, birincisi, müəllimə marağı azalır. Müəllim gərək tələbəyə ondan da nə isə öyrənə biləcəyini göstərsin. İkincisi, informasiya çoxluğundan tələbənin fokusu dağılır. Tələbə nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğunu seçməkdə çətinlik çəkir”.

 

Fariz Hüseynov  bildirir ki, doktoranturaya başlayanda, böhran vaxtı idi deyə, şirkətlərin maliyyə, mühasibatlıq manipulyasiyaları, vergidən yayınma məsələsi isti mövzular idi:


“Dissertasiyamı o sahədə yazdım ki, vergilər şirkətin dəyərinə necə təsir edir? Vergi dərəcələrini azaldıb artırmağın təsiri necə olacaq? Universitetdə işləyəndən sonra şirkətlərin korporativ məsuliyyətli, cəmiyyətə qarşı məsuliyyətli olmağa çalışması və eyni zamanda vergidən yayınmasını araşdırdım. Bu tərəfdən də auditorlara vergidən yayınmaq üçün xərc çəkirlər. Bir mühasibatçı müəllimlə şirkətlərin və dövlətin itkisini araşdırmışdıq. Vergidən yayınma üzrə araşdırmalarımı davam etdirirəm. Eyni zamanda başqa mövzular da işləyirəm. Son məqalələrimdə şirkətlərin kapital strukturuna keçdim. Şirkət deyir ki, borc alaq, yoxsa səhm buraxaq? Bəzən baxırdıq ki, şirkətlər nəzəriyyənin dediyinin əleyhinə gedirlər. Səhm buraxmalıdır, amma borc alır, yaxud əksinə. Biz izah etməyə çalışırdıq ki, burda hansı faktorlar əsas rol oynayır. Postmüharibə dövründə sülh quruculuğu və inkişafa yeni texnologiyanın təsiri mövzusunda bir araşdırma üzərində də işləyirəm”.

 

Alimin yoldaşı Günel Hüseynova isə Azərbaycan Aviasiya Akademiyasında bakalavr, Fransanın Strasburq Universitetində isə magistr dərəcələrinə yiyələnib. Yaşadıqları Şimali Dakota ştatının Farqo şəhərində çalışır.

 

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page