ABŞ-da çalışan, 30 il açıq qalmış riyazi problemi həll edən alim
- setm63
- 3 дня назад
- 3 мин. чтения
Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.
Azər Əhmədov

Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla bitirib. A.Əhmədovun riyaziyyata marağı özünü məktəb illərindən göstərməyə başlayıb. Hətta bu bacarığının sayəsində Bakı Dövlət Universitetinə imtahansız qəbul edilib.
O, bir neçə il öncə bununla bağlı mediaya müsahibəsində bildirib: “1974-cü ildə Bakı şəhərində anadan olmuşam. Lakin mən lap körpə olandan Cəbrayıl rayonunun Dağ Xələfli kəndinə köçmüşük. Anam kənd məktəbində müəllim işləyirdi. Atam isə Bakıda qalıb, AMEA-nın Zoologiya İnstitutunda çalışırdı. 10 yaşıma qədər kənddə yaşadım, 3-cü sinfə qədər Cəbrayıl rayonunda oxudum. 1984-cü ildə yenidən Bakıya qayıtdıq. 8-ci sinfə qədər NZS qəsəbəsindəki 194 nömrəli məktəbdə oxudum. Sonra isə təhsilimi Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə davam etdirdim. 1991-ci ildə orta məktəbi bitirdim. Riyaziyyatla ciddi şəkildə orta məktəb illərindən maraqlanmağa başladım, respublikada keçirilən olimpiadalarda həmişə birinci yeri tuturdum. Ona görə məni imtahansız Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul etdilər. Məktəbi qızıl medalla bitirmişdim, BDU-nu da qırmızı diplomla başa vurdum”.
Orta məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib. SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub.
1996-cı ildə isə universiteti bitirir və ardınca xaricdə təhsil üçün sənəd göndərir: “Hələ tələbə olarkən xaricdə təhsil almaq istəyirdim. Amerika və İtaliya universitetlərinə müraciət etmişdim. İtaliyada Beynəlxalq Ali Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Əbdüs Salam Nəzəri Fizika Mərkəzinə sənəd göndərmişdim. Dəvət etdilər, amma bildirdilər ki, onlarda ancaq magistr proqramıdır, məndə isə hazırlıq səviyyəsi yüksəkdir. Doktorluq proqramı isə Beynəlxalq Ali Tədqiqatlar İnstitutunun özündə var idi. Dedilər ki, ora imtahan ver. 1996-cı ildə imtahan üçün getdim. İmtahanlar elə asan deyildi, bir neçə mərhələdə oldu. Qəbul edilən 5 nəfərdən biri də mən oldum. Elə həmin il təhsilə başladım, lakin 1997-ci ildə fikirləşdim ki, Amerikaya sənəd göndərim. Məndən kiçik qardaşım da o vaxt orda təhsil alırdı. Amerikanın Yeyl Universitetinə sənəd göndərdim. Orda doktoranturaya qəbul etdilər, fikirləşdim ki, ora getsəm, daha yaxşı olar. İtaliyadakı təhsili yarımçıq qoyub 1998-ci ildə Amerikaya gəldim”.
Alim həyatının daha bir sıra vacib məqamlarını qeyd edir: “O vaxt mənə yaxından diqqət göstərən, riyaziyyata marağıma təkan verən iki mentorum olub. Onlardan biri Rəfail Əlizadədir, hazırda Türkiyənin İzmir şəhərindəki Yaşar Universitetində professordur. O biri isə azərbaycanlı şair Əli Kərimin oğlu Azər Kərimovdur. O da 25 ildən çoxdur ki, Türkiyənin Bilkent Universitetində professordur. Məni ilk olaraq xaricdə təhsillə bağlı həvəsləndirən o oldu. Dedi ki, ingilis dili üçün TOEFL imtahanı var, ona hazırlaş. Bir də doktoranturaya qəbul üçün GRE imtahanı haqqında məlumat vermişdi. Bu imtahan iki mərhələdən ibarət olur, ümumi və ixtisas. Azərbaycanda GRE-nin ümumi imtahanını ilk dəfə verən kiçik bir qrupda mən də var idim. Amma ixtisas imtahanına yalnız mən qaldım. Ölkədə GRE-nin ixtisas imtahanını verən ilk adam oldum. TOEFL-in isə ölkədə təşkil olunan ikinci imtahanında iştirak etmişdim. Müəllimim Arif Babayev də mənə çox kömək edib. O, böyük riyaziyyatçı idi, mənə təsiri çox olub. Bir də fizika-riyaziyyat elmləri namizədi, dosent Azad Tağızadənin adını çəkmək istəyərdim. İtaliyadan dəvət gələndə mənim elə də maddi vəsaitim yox idi. Bileti almağa pul olmadı. İmtahana getmək üçün Bakı-Moskva-Milan biletimi Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı aldı. Bilet birtərəfli idi, imtahanı keçməsəm, necə qayıdacağımı bilmirdim. Hətta bilet birtərəfli olduğu üçün hava limanında məni geri qaytarmaq istəyirdilər. Uzun müzakirələrdən sonra getməyimə icazə vermişdilər.
1998-ci ildə Amerikada Yel Universitetinin doktoranturasına qəbul olunub və elmi rəhbəri Qriqori Marqulis idi ki, o, son 40-50 il üçün riyaziyyatın ən vacib fiqurlarından biri sayılır. Həmin universitetdə riyaziyyat doktoru dərəcəsi alıb. Dissertasiyasında 30 il açıq qalmış problemi həll edib.
Yel Universitetindən sonra 4 il Kaliforniya Universitetində həm tədqiqatçı, həm də müəllim kimi işləyib, daha sonra indi çalışdığı Şimali Dakota Dövlət Universitetində fəaliyyətə başlayıb. Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, üçölçülü topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul olur, məqalələri riyaziyyat jurnallarında çap edilir.
Professor Azər Əhmədov Şimali Dakota Dövlət Universitetində çalışsa da, son illərdə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin tələbələrinə riyaziyyatdan seminarlar keçmək üçün mütəmadi ölkəmizə səfər edir.
