top of page

ABŞ-da yaşayan tanınmış azərbaycanlı həkim-cərrah

  • setm63
  • 27 февр.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Şapur Ənsari

Şapur Ənsari 1936-cı il iyulun 2-də Cənubi Azərbaycanın Marağa şəhərində mülkədar ailəsində dünyaya gəlib. 1956-1963-cü illərdə Tehran Tibb Universitetində ali təhsil alıb. 1963-cü ildə İranda ABŞ səfirliyində təşkil olunmuş müsabiqədən uğurla keçərək bu ölkəyə dəvət alıb.


1963-1968-ci illərdə ABŞ-ın Veysteti Tibb Universitetində ürək cərrahı ixtisasına yiyələnib. 1968-1971-ci illərdə Vaşinqtonda Corc Taun Universitetində təhsilini davam etdirib. 1971-ci ildə Miçiqan ştatının Monro şəhərinə dəvət almaqla həmin şəhərin iki böyük xəstəxanasında həkim-cərrah kimi çalışıb. Tezliklə kardiologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1980-ci ilədək həmin vəzifədə işləyib.


1980-ci ildə Kanadaya dəvət alaraq bir il orda cərrah kimi fəaliyyət göstərib. 1981-ci ildə Vesqansen ştatının Mirvaki şəhər xəstəxanasında dünyaca məşhur amerikalı ürək-damar cərrahları ilə birlikdə beş il ürək damarlarının dəyişdirilməsi ilə məşğul olub və cərrahiyənin bu sahəsinə mükəmməl yiyələnib. O vaxta qədər dünya səhiyyəsində yalnız həmin xəstəxanada ürək damarlarını dəyişdirə bilirmişlər. Beləliklə o, ABŞ-da bu əməliyyatı apara bilən beş cərrahdan biri olur.


1986-1989-cu illərdə Ohaya ştatında çalışıb. 1989-cu ildə İran İslam Respublikasına dəvət alır, iki il ərzində orada bir neçə mütəxəsis yetişdirməklə ürək damarlarının dəyişdirilməsi cərrahiyyə əməliyyatlarının təməlini qoyur.


1992-ci ildə yenidən ABŞ-a qayıdaraq Miçiqan ştatında çalışır. Ötən bu müddət ərzində o, elmi fəaliyyətlə də məşğul olub, ABŞ-ın müxtəlif universitetlərində bu elmin sirlərini tədris edib, tibb elməri doktoru, professordur… Ürək cərrahiyyəsi əməliyyatlarında lazer üsulundan istifadə edilməsi ixtirası onun adına patentləşdirilib.


1999-cu ildə öz şəxsi hesabından pul ödəyərək ABŞ-dakı Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb və üç rəngli bayrağımız bu gün də həmin binanın üstündə dalğalanır. ABŞ-da müasir texnologiyalara uyğun, yüksək keyfiyyətli, on min tirajla audio disk buraxdıraraq, Bülbülün 100 illiyi münasibətilə Bakıda təşkil olunan yubiley tədbirinə hədiyyə edib.


O, 1974-cü ildə ABŞ-ın Miçiqan ştatı, Monro şəhərində yaratdığı özəl xəstəxananı 1994-cü ildən qocalar evinə çevirib və məhz onun maddi imkanları hesabına orada ahıl yaşlı insanların yaşaması ilə yanaşı, müalicəsi də yüksək səviyyədə təmin olunur.


Cavad Heyətlə uzun illər dostluq edib. “Doktor Cavad Heyətlə bizi bir-birimizə bağlayan Azərbaycan sevgisi olub. O da mənim kimi Azərbaycan aşiqi idi”, - deyə Şapur Ənsari mediaya bildirib.


Ulu Öndər Heydər Əliyev ilk dəfə ABŞ-da olarkən onun Vaşinqtonda, Çikaqoda Azərbaycan diasporu ilə keçirilən görüşlərində yaxından iştirak edib, onunla şəxsən görüşüb. Deyir ki, “Heydər Əliyevə həmişə rəğbətim olub. Hələ sovet dönəmində Moskvada işləyərkən onun varlığından qürur duyurdum. Fəxr edirdim ki, SSRİ kimi nəhəng bir dövlətin başında duran insanlardan biri də Azərbaycan oğludur”.


O, 2024-cü ilin aprel ayında Azərbaycan Diplomatik Akademiyasında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şəxsən görüşüb.


Alim “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.


Professor Şapur Ənsari özünü Azərbaycanlı hesab edir. “Çünki azaddır, millətimin dili dövlət dilidir, insanları ana dilimizdə məktəbə gedir, bu dildə danışır. Harda olsam, hansı mühitə düşsəm də Azərbaycanla fəxr edirəm, azərbaycanlı olduğumdan qürur duyuram…”.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page