top of page

26 yaşında elmlər doktoru olan dahi alim

  • setm63
  • 4 мар.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Məmmədov İlham Tofiq oğlu

Məmmədov İlham Tofiq oğlu 1955-ci il iyulun 1-də Bakı şəhərində anadan olmuşdur. 15 yaşında orta məktəbi qızıl medalla, 1975-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 21 yaşında, 1976-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 26 yaşında, 1981-ci ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cələrini, 1988-ci ildə professor elmi adını al­mış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçil­mişdir. 


İ.Məmmədov 1975-1982-ci illərdə Azər­­bay­­can Dövlət Neft və Kimya İnstitutu­nun Tətbiqi riyaziyyat kafedrasında assistent, 1982-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, 1985-ci ildə Riyazi fizika tənlikləri şöbəsinin müdiri, 1992-ci ildən elmi işlər üzrə direktor müavini, 2000-2003-cü illərdə isə müəssisənin direktoru vəzifələrində çalışmışdır.


1993-2002-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun və Bakı Dövlət Universitetinin nəzdində Birləşdirilmiş Dissertasiya Şurasının həmsədri (2003), “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktoru, “AMEA-nın xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika buraxılışının redaktor müavini olub. Alim 2000-2002-ci illərdə NATO-nun elm komitəsinin ilk azərbaycanlı eksperti olmuşdur.


80 elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 16 elmlər namizədi hazırlanmışdır.


İ.Məmmədovun tədqiqatları əsasən xüsusi törəməli diferensial tənlik­lərin keyfiyyət nəzəriyyəsinə aiddir və kəsilən əmsallı qeyri-divergent struk­turlu ikinci tərtib elliptik və parabolik xətti və kvazixətti tənliklərin həllərinin sərhəd xassələri nəzəriyyəsi, bu tənliklərin həllərinin daxili ha­marlığınin araş­dırıl­ması, qeyri-məhdud oblastlarda həllin özünü aparmasının öyrənilməsi, mənfi olma­yan xarakteristik formalı cırlaşan tənliklər nəzəriy­yəsi, müxtəlif funksio­nal fəzalarda sərhəd və başlanğıc-sərhəd məsələlərinin həll oluna bilməsi və s. təd­qiqinə həsr olunmuşdur. Sərhəddə qeyri-hamar oblastlarda geniş sinif ellip­tik və parabolik tənliklər üçün birinci sərhəd mə­sələsinə dair sərhəd nöqtələri­nin requlyarlığı nəzəriyyəsini inkişaf etdirmiş­dir. İkinci tərtib parabolik tən­lik­lərin keyfiyyət nəzəriyyəsinin mühüm prob­lemini həll etmiş – tənliyin əmsal­ları­nın hamarlığına və baş hissəsinin məx­susi ədədlərinin səpil­məsinə heç bir şərt qoy­madan göstərmişdir ki, ikinci tərtib kvazixətti para­bolik tənliyin ixti­yari həll baxılan oblastın hər bir ciddi alt oblastında Hölder mənada kəsilməz ola­caqdır. Sərhəddi qeyri-kompakt oblastlarda ikinci tərtib elliptik və parabolik tənlik­lərin həllərinin və mün­təzəm cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri haqqında, həmçinin qeyri-divergent strukturlu ikinci tərtib tənliklər üçün sərhəd məsələlərinin çəkili anizotrop S.L.Sobolev fəzalarında ümumiləşmiş mənada həll oluna bilən olması haqqında prinsipial nəticələr əldə etmişdir.


1982-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin Komsomolu Müka­fatı laureatı olmuşdur.


2003-cü il dekabrın 10-da ömrünün 49-cu ilində vəfat etmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page